Azərbaycanda autizmli uşaqların sayı artır – Bunun sirrli səbəbləri…

Dünyanın qlobal probleminə çevrilən autizm xəstəliyi ildən-ilə geniş yayılmaqdadır. Araşdırmalara görə, dünya əhalisinin 1 faizi, yəni 70 milyonu autizmdən əziyyət çəkir. Xəstəlik son vaxtlarda Azərbaycanda da yayılmağa başlayıb. Qeyri-hökumət təşkilatlarının apardığı statistik araşdırmaya görə, hazırda ölkəmizdə 6 min nəfərə yaxın autizmli uşaq var.

Dünyada olduğu kimi, Azərbaycanda da autizmli uşaqlar arasında oğlanlar əksəriyyət təşkil edir. Xəstəliyin geniş vüsət alması ilə bağlı bu günlərdə Milli Məclisdə də müzakirə getdi. Belə ki, deputat Hikmət Babaoğlu 2018-ci ilin büdcə müzakirələri zamanı bu problemi gündəmə gətirmişdi: “Əgər sağlam gələcəyimizi düşünürüksə, bu problemin həlli üçün mərkəzlər yaradılmalı, dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə, reabilitasiyasına ciddi dəstək verməlidir”.

Məlumat üçün bildirək ki, autizm 3 yaşa qədər başlayan və məhdud davranışlara gətirib çıxaran, beynin inkişafına təsir edən xəstəlikdir. Xəstəlik daha çox nitq və davranışda qeyri-adiliklə, pozuntularla müşayiət olunur. Autizm beyin inkişafı pozğunluğudur. Uşağın əsəb sistemlərində yaranan pozğunluq beynin normal və düzgün işləməməsinə səbəb olur.

Qeyd edək ki, yaxın 15 ilədək bu xəstəlik şizofreniyanın bir forması kimi qəbul edilirdi. Bəzən valideynlər bu cür övladlarını cəmiyyət arasına çıxarmaqda utanır, hətta imtina edirdi. Bu baxımdan bəzi hallarda autizmli uşaqların valideynləri ikinci dəfə dünyaya uşaq gətirməkdən çəkinirdilər. Çünki ananın ikinci dəfə autizmli uşaq dünyaya gətirmək ehtimalı 0,5 faizdir. Bu gün də ikinci uşaqdan imtina edən valideynlər var.

Autizm əsasən 1 yaş 8 aylıqdan özünü göstərir. Əvvəlcə uşaq bir-iki söz deyir, sonra bu sözlər də itir. Onlar kənara çəkilib tək oynamaq istəyir, əşyalarından ayrılmır, səbəbsiz yerə ağlayır, gülür, özləri barədə üçüncü şəxsin dili ilə danışır, şəxs əvəzliklərindən istifadə edə bilmirlər.

Son vaxtlarda tez-tez şahidi oluruq bəzi uşaqlar 3 yaşına gəlməsinə baxmayaraq danışa bilmir. Bir çox hallarda valideynlər bunu problem hesab etmir. Ekspertlər isə qeyd edir ki, artıq bu, çox ciddi siqnaldır. Autizmin müalicəsinə gəldikdə isə dünya praktikasında bu, dərmanla müalicə olunmur. Yalnız aqressivlik və yuxusuzluq zamanı dərman müalicəsi təyin olunur. Bir çox inkişaf etmiş ölkələrdə autizmlə bağlı araşdırma və bərpa mərkəzləri var. Lakin hələ ki, Azərbaycanda bununla bağlı dövlət müəssisəsi, xüsusi bağçalar yoxdur. Bu səbəbdən autizmli övladı olan valideynlər onların reabilitasiyası üçün lazım olan xərci ödəyə bilmir.

Araşdırmalara görə, autizmli övladı olan valideynlər reabilitasiya və xüsusi qida üçün ayda təxminən 1500 manata qədər pul xərcləyir. Bəzən bu cür ailələrə maddi dəstəyin həllini tibbi sığortanın tam ölkə üzrə işə düşməsində görürlər. Ekspertlərin fikrincə, ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən uşaqlarla təlim keçəcək peşəkar kadrlar da yetərincə yoxdur.

Bəs autizm xəstəliyinin ölkəmizdə də geniş yayılmasının səbəbi nədir? Bəzi ekspertlərə görə, səbəb autizmli övladı dünyaya gətirən ananın hamilə vaxtı keçirdiyi psixoloji sarsıntılar, yuxuda qorxmalar, qarabasmalardır.

 

Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışdı: “Bu xəstəlik təxminən 10 ilin problemidir. 20-30 il bundan əvvəl biz bu xəstəliyin adına ancaq tibb ədəbiyyatında rast gəlirdik. İndi isə təkcə bizdə deyil, hətta dünyanın ən inkişaf etmiş ölkələrində bu xəstəlik geniş yayılmaqdadır. Səbəbi isə birmənalı olaraq bəlli deyil. Vaxtaşırı müəyyən iddialar ortaya atılır. Məsələn, 4-5 il bundan əvvəl bu xəstəliyin səbəbini peyvənddə görürdülər. Amma tutaq ki, bizim ölkədə peyvənd pisdir, bəs axı Avropa ölkələrinin özləri peyvəndi istehsal edir. Ona görə bu səbəb heç də məntiqli arqument deyil. Həmçinin peyvəndsiz uşaqlar arasında da autizm xəstəsi olanları görürük. Yəni peyvənd birmənalı olaraq autizmin səbəbi deyil. Hətta İngiltərədə bununla bağlı bir neçə məhkəmə prosesləri oldu və şikayət edənlər uduzdular. Avropanın da təbabəti sübut etdi ki, peyvəndin autizmə heç bir aidiyyəti yoxdur. Bəzən isə bunu genetika, hissiyyat, valideynlərin uşaq ikən keçirdiyi xəstəliklərlə də bağlayırlar. Amma bu da ağlabatan deyil. Bir sözlə, hələlik bu problemin səbəbi haqqında əksəriyyətin qəbul etdiyi arqument yoxdur”.

 

Pediatr onu da qeyd etdi ki, uşaqların davranışlarında pozğunluq aşkar edildikdə dərhal autizm diaqnozunun qoyulması doğru deyil: “Müşahidə etsəniz, görərsiz ki, indi hər yerdə çoxlu sayda psixoloji mərkəzlər açılıb, təhsili olan da, olmayan da bu işlə məşğul olur və bəzən uşaqda aqressiya görən kimi ona autizm diaqnozu qoyurlar. Əslində isə valideyn uşaqda psixi pozğunluq görərkən ilk növbədə pediatra, daha sonra nevroloq və psixoloqa müraciət etməlidir. Hər üç sahə üzrə həkim uşağı müayinə etdikdən sonra birgə qərar verirlər ki, uşağa kim nəzarət edəcək”.

 

Pediatr hesab edir ki, dövlətin bu cür uşaqlara qarşı qayğısı yetərli deyil: “Bu cür uşaqlar üçün külli miqdarda vəsait tələb olunur. Çünki onlar üçün xüsusi yeməklər alınır, özünəməxsus pəhriz olur. Həmçinin o uşaqların reabilitasiya problemi var. Axı yazıq valideynlər bütün bunları çatdıra bilmir. Halbuki bütün dünyada autizmli uşaqlar üçün xüsusi təşkilatlar, xeyriyyə fondları var. Həm dövlət, həm də qeyri-dövlət təşkilatları bu işlə məşğul olur. Təəssüf ki, Azərbaycan üçün bunları deyə bilmirik”.

 

 Müstəqil.Az

mersin escort