Diqqət! Eynullanin bumeranq oldugunu unutmayın

Eynulla Fətullayevin iş adamı Mübariz Mənsimov haqqında yazdıqlarını oxuyanda bir anlıq gözümün önünə jurnalistin Moskvanın Domodedovo aeroportunda təhqiramiz formada yoxlamadan keçirilməsi kadrları gəldi.

Bu baxımdan Fətullayevin Rusiya oliqarxiyasının maraqlarını quduz bir manera ilə müdafiə etməsini anlaya bilmədim. Axı Fətullayev özünə bəlli olan səbəblərdən Rusiya xüsusi xidmət orqanlarının birbaşa tapşırığı ilə Domodedovo aeroportunda aşağılanmışdı.

Onun Kremlin bəzi şantajçı dairələrinin ruporuna çevrilməsinin də əsası, bəlkə, elə bu hadisələrdən sonra qoyulmuşdu. Deyə bilmərəm, amma onu dəqiq analiz etmək olur ki, bu gün Fətullayev və əlindəki media orqanları şantaj ruporu rolunda çıxış edir…

Son hadisələrə gəlincə, Kremlin biznes elitasına daxil olan şəxslərə görə Mübariz Mənsimova nifrət püskürməsinin xüsusi səbəbləri olmalı idi. Çünki Eynulla Fətullayevin keçdiyi həyat yolu onun heç bir pisliyi unutmadığı və əlinə düşən ilk fürsətdəcə onlara nifrətini xüsusi peşəkarlıqla nümayiş etdirdiyini deməyə əsas verir. Məsələn, hakimiyyətin bəlli qruplaşmasının maliyyələşdirdiyi və onun nəzarət etdiyi xəbər portallarında Azərbaycan hakimiyyətinə münasibətdə olduğu kimi…

Üstəlik, Fətullayev zamanında ona həyan olan, çörək verən – maddi və mənəvi dəstək olan bir çox insanın ağ paltarına indi də utanıb-usanmadan palçıq atmaqda davam edir. Həmin adamların adlarını yazsaq, Fətullayev öz üslubuna uyğun olaraq məqalənin onlar tərəfindən sifariş edildiyini düşünəcək. Yazmasaq, yaxşıdır və heç ehtiyac da yoxdur – görünən bataqlığa bələdçi nə lazım?..

Mübariz Mənsimovun Fətullayev tərəfindən düşməncəsinə hədəfə alınmasının, yəqin, çox ilginc səbəbləri var. Bu ilginc səbəblər arasında özlərini Azərbaycan xalqından həmişə üstün sayan və korrupsiya ilə oliqarxlaşan şəxslərin sifarişi açıq-aydın görünür. Fətullayev də onlara xoş gəlmək üçün Mənsimovun ünvanına “it balası” və “əyalət həyasızlığı” kimi küçə söyüşləri yazmağa şirniklənir…

Bu arada lap Vladimir Solouxin “Qurdlar”şeirindəki kimi “əldən alıb yal yeməkdən keşikçi köpəyə dönən” və mükafatı “xalta və zəncir” olan bir “keşikçi köpəyi”n sahibinin yanındakı “zooloji həyasızlığı” tam drammatik çaları ilə təsəvvürdə canlanır. Əcaib mənzərədir…

Bəli, bir adama qəzəbi, kini və sifarişi ona “it balası” deyəcək qədər drammatikləşdirmək məhz “bioloji həyasızlıq”dır. Amma xalqdan oğurladığı pullarla böyük varidat toplayan həmin şəxslər (oxu: sahiblər) unudurlar ki, Mənsimov üçün ”əyalət həyasızlığı” yazan jurnalist zamanı gələndə onların da ünvanına yazmağa söz tapacaq. Özü də necə sözlər! Ən başlıcası isə odur ki, o, özünə layiq mental ifrazatına əsaslı arqumentlər əlavə etdikdə yazdıqları öldürücü olur…

Mənsimovu belə üfunət qoxuyan yazılarla bitirə biləcəyini düşünən və xirtdəyəcən korrupsiyanın içində olan adamlar elə fikirləşməsinlər ki, bu etdiklərinə görə yalnız Fətullayev hədəf olacaq…

Axına qarşı gedib söyülməkdən həzz alan Fətullayevin indiki himayədarlarının unutduğu bir məqam da var: Mənsimov barəsində başlatdıqları qara piar kampaniyasını Azərbaycan ictimaiyyəti hiddətlə qarşılayır. Sosial şəbəkələrdə və mediada iş adamına açıq dəstək verməklə yanaşı, bu qara piarı lənətləyirlər. Çünki Mənsimov heç zaman özünü insanlardan, xüsusən də azərbaycanlılardan üstün tutmayıb və həmişə Azərbaycanın maraqlarını düşünərək biznes layihələrini həyata keçirib.

Amma Azərbaycana düşmən kəsilən sözügedən şəxslərin Mənsimov üçün başlatdıqları qara piarın ağzını özlərinə tərəf yönəltmək o qədər də çətin deyil. Ortada həmişə Eynulla və sifariş verənləri üçün acı gerçək var – Mənsimov sosial şəbəkədə çox güclüdur və böyük insan sevgisinə sahibdir. O üzdən də ard-arda gələn sifarişli yazılar effekt vermir.

Bu məsələlərdə Mübariz Mənsimov da qınanmalıdır. Çünki adam ona düşmən kəsilən qüvvələri onların istifadə etdiyi silahla vurmaq istəmir. Azərbaycan mentalitetinə uyğun hərəkət edib Eynulla kimiləri yaxına qoymur…

Təcrübə göstərir ki, Mübariz Mənsimova hər zaman Fətullayev xarakterində biri mütləq lazımdır. Elə Fətullayev də yazdıqlarında bunu nümayiş etdirməyə çalışır.

Elmidar Əliyev

mersin escort