Sincab günü – İradə TUNCAY yazdı

Çoxdan baxmışam o filmə. Və etiraf edim ki, baxdığım vaxt – vaxt anlayışı fərqli idi. Yəni gündəlik qayğıların təkrarlandığının fərqinə varmırdım. Heç təqvimdə hansı günün olduğu da maraqlı deyildi. Hər həyat tsiklinin öz sürəti var. Səhər oyanırsan, uşaqları yedirdirsən, məktəbə yola salırsan, sonra yenə də evə qayıdacaq ailə üzvlərinin rahatlığını təmin edəcək işlərlə məşğul olursan. Beləcə illər keçir.

Film isə yadımdan çıxmadı. İndi hər gün xatırlayıram.

Televiziyada çalışan meteoroloq Fil Konnors artıq dörd ildir ki, kiçik əyalət şəhərində keçirilən “Sincab günü” festivalından reprotaj hazırlayır (zəruri qeyd – bu bayram Amerikada qışın bitməsini göstərən bir bayramdı. Qışın sonu, yazın əvvəlinə təsadüf edir). Hər şey olduğu kimidi yenə – reportaj da, insanlar da, gecəni keçirdiyi otel də. Yalnız yeni prodüsserlə gəlib bu çəkilişə. Gecə qayıtmaq fikri var, amma tufan yolları bağlayır. Otelə qayıdıb sabahı gözləmək lazım gələcək. Hər şey də elə bu sabahın gələcəyi (ya da gəlməyəcəyi) məsələsi ətrafında dönür-dolaşır. Sabah açılmır – daha doğrusu açılır, amma dünənki günün sabahı açılır. Yenə eyni hadisələr, yenə eyni reportaj, yenə eyni söhbətlər, yenə eyni oteldə gecələyir. Səhər ayılır və yeni gün deyil. Həkimə gedir, başına gələnləri danışır. Həkim sabah gəlməsini tövsiyə edir, SABAH isə yoxdu. Bezir bu təkrardan. Həyatını maraqlı etməyə çalışır – içir, qadınlarla vaxt keçirir, dava salır, inkassatorları qarət edir, pulları dağıdır. Sabah isə açılmır. Eyni hadisələr davam edir. Bezdirir bu zaman halqası onu. İntihar etmək istəyir, özünü asır … və sabah yenə eyni çarpayıda, eyni musiqi sədaları altında oyanır. Yenə dünənki gün oyanır… Olayın faciəsi isə odur ki, heç kim nə baş verdiyini xatırlamır. Normal qarşılayırlar …Olduğu kimi… Qəsəbə sakinlərinin həyatını bütün təfərrüatları ilə öyrənən adam özünü Tanrı zənn etməyə başlayır. Onunla bu qəsəbəyə gəlmiş prodüsser qadına eşq elan edir, qadın isə hər vəchlə bunun alınmayacağını anlatmağa çalışır. Və buna faciə kimi, lənət kimi yox, başqa tərəfdən baxmağı düşündüyünü söyləyir. Yəni bacardığı kimi həyatında dəyişiklik etməyi tövsiyə edir. Fil musiqi dərsləri alır, fransız dilin öyrənir, təbabətlə maraqlanır, buzdan heykəllər düzəldir. Təkrar günün birin xeyirxah işlərə həsr edir – boğazında sümük ilişib qalmış şəhər merini xilas edir, yolda maşını xarab olmuş yaşlı qadınlara yardım edir, evsiz qocanı ölməkdən qurtarmağa çalışır. Təkrar səhərin birində prodüsser qadın Filin festivalda qəsəbə sakinləri ilə birlikdə musiqi ifa etdiyin görür. Və məzəli, zarafatyana auksionda satılan subay oğlanların içindən dostunu satın alır. Qayıdırlar otelə, gecəni birlikdə keçirirlər. Sabah “Sabah” açılır… Xeyir işlər görəndə açılır sabah…

Film Hollywood filmidi və janr etibarı ilə komediyadı. Amma Amerikada komediya olan başqa bir yerdə tragediya sayıla bilər. Nəticə nə çıxır – həyatına bütün rakurslardan baxmağa çalış, özün dəyişdir onu. Sevgidi açar. Bunu əlbəttə mən demirəm, çünki Amerikada yaşamıram. Ona görə də varlısıynan, kasıbıynan, məmuruynan (necə nifrət doğuran sözdü eləmi?!), fəhləsiynən hamı sincab günündə, ya da günün yaşayır. Sabah açılmır – qarət eləsən də, pul dağıtsan da, qadınlarla kef eləsən də… İntiharlar artsa da, cinayətlər artsa da, göz yaşı artsa da… Öz yağımızda qovruluuq. Və qovrula-qovrula da qalırıq. Çünki hətta sevgi açarı da düşmür açılacaq qapıya.

Bir çərçivə içində dövran edir məişət – həyat. Televiziya proqramları kimi, kompüter oyunları kimi. Bu gün kimsə getdi – ağlayırıq, düzülür ard-arda nekroloq mətnlər. Təkrar sabahda kimsə ad günün qeyd edir – düzülür ard-arda təbrik mətnlər. Doğulub ölməyimiz çərçivəsində sabah gözləmək. Zaman halqası… Tufan …

“Heç nəyi dəyişə bilmədiyiniz bir yerdə ilişib qalsanız, hər gününüzün əvvəlki kimi keçdiyi bir yerdə nə edərdiniz ? – sualını verir filmin qəhrəmanı. Cavab isə belədir -Ağlına nə gəlsə!!!”

“Sakitlik bir illüziyadı. Əgər “mən” hər şeyə qadirəmsə deməli, hədsiz-hüdudsuz xeyirxahlıq da edə bilərəm. Filmin qəhramanı “mən” sözüylə bağlı anlayışı dağıdır. Buddizm ümumiyyətlə “mən”i qəbul etmir. “Mən” eqoya xidmət edən sərfəli illüziyadı. Bu illüziyadan nə qədər uzaqlaşsan, həyat bir o qədər rahat olur. Hardan gəlmişiksə ora da qayıtmaq məcburiyyətimiz var – kiməsə yardım etmək kimi”.

Bu filmin rejissorunun fikridi. Mən isə sincabın yuvadan çıxıb yazın gəlişini xəbərləyəcəyinə inanmaq istəyirəm. Mən, ya biz? Hər nəysə… Hər günə Şükür!!!

mersin escort