Azərbaycanda bakirəliyə görə hələ çox qızlar öləcək – Araşdırmaçı

Müstəqil.Az  Finlandiyada yaşayan araşdırmaçı Güntay Gəncalpla müsahibəni təqdim edir.

– Güntay bəy, yadınızdadırsa, sizdən bir dəfə müsahibə almışdım. Buna görə Firudin Cəlilov əsəbiləşmişdi, demişdi ki, o, kimdir ki? Mən onunla eyni çəkidə alim deyiləm, mən daha böyük aliməm.

– Mənim Firudin Cəlilovun şəxsiyyəti ilə bir işim yoxdur. O, kitabını mənə yolladı və oxumamı istədi. Mən də oxudum. Hər bir oxucu oxuduğu kitabla bağlı fikir bildirmək haqqına sahibdir. Mən də bu haqqımdan istifadə etdim. Və bildirdim ki, onun “Urmu nəzəriyyəsi”nin heç bir elmi əsası yoxdur. Mən onun nəzəriyyəsinin bir uydurma olduğunu və mənasız işlərlə məşğul olduğunu söylədim. Firudin Cəlilovun dediyinə görə, bir dəfə 6500 və bir dəfə də 4500 il öncə bu bölgədən Mərkəzi Asiyaya türk köçü olub. Amma bunun heç bir elmi qaynağı yoxdur.

– Söhbət təkcə Firudin Cəlilovdan getmir. Ümumiyyətlə, bir çoxları sizi populist bir araşdırmaçı hesab eləyir. Onlar niyə bu qənaətdədir?

– Əhalinin çayxanalarda, orada-burada öyrəndiyi bilgilər var. Bunlar ideoloji bilgilərdir. Bu bilgilər araşdırmaya dayanmır. Sadəcə, kütlənin duyğusal ehtiyacına cavabdeh olan köksüz və yalan bilgilərdir. Mən də bir zamanlar bu bilgilərin təsiri altında qaldım. Ancaq modernizmin əsas maraq sahəsi kütlə bilgilərini tənqid edərək, onda narahat düşüncələr yaratmaqdan ibarətdir. Çünki düşüncə yalanlara, ideologiyalara inanaraq arxayınlıq hissiylə ortaya çıxa bilməz. Düşünmək üçün toplumun içində bir rahatsızlıq olmalıdır. Bütün düşüncə adamları toplumu narahat etdikləri üçün öz zamanlarında acılar yaşamışlar. İranda, Azərbaycanda qalsaydım, o acıları mənə də yaşadacaqdılar. Avropa bu məsələni artıq çözüb. Burada istədiyin kimi düşünə bilərsən.

Mən popolist deyiləm, çünki buna maddi-mənəvi olaraq ehtiyacım yoxdur. Popolist yalanları ifşa etdiyim üçün elə adlandırırlar. Məni popolist adalandıranlar kitablarımı oxumayıblar. Ona görə də kitablarımı deyil, kitablarımın təsirini tənqid edirlər. Onlardan mənim hansı kitabımı oxuduqlarını soruşsanız, cavab verə bilməzlər. Məsələn, Firudin Cəlilov deyir ki, o, kimdir ki? Mən onunla eyni çəkidə alim deyiləm, mən daha böyük aliməm. Alim olmanın ölçüsü daha yaşlı olmaqmı? Firudin Cəlilov bölgə dillərindən heç birini bilmir, bilənləri də yarım bilgiləri ilə aşağılayır. Buna elmi dialoq deməzlər.

Ümumiyyətlə, Azərbaycanda tarix deyə bir elm yoxdur. Çünki qaynaq yoxdur. Qaynaqların hamısı farsca və ya başqa dildədir. Bu dilləri də bilmirlər. O zaman bunlar haradan və necə tarixçi oldular? Məncə, Azərbaycan tarix elmində oxumanın bir şərti olmalıdır. Hər tarixçi Şərqşünaslıq fakültəsini bitirməlidir.

– Sizin Azərbaycan adət-ənənələrinə münasibətiniz necədir?

– Mən Azərbaycan adət-ənənələrinə qarşıyam. Adət-ənənə deyil, müasir hüquq sistemi öndə olmalıdır. Ən geri və hətta ağıl düşməni olan adət-ənənələrdən bizdə də az deyil. Bunlar tarixdən silinməlidir. Bunun üçün xalqın həyat sistemi, iqtisadi-mədəni pozisiyası, təhsil səviyyəsi dəyişməli və irəliləməlidir. Yoxsa köçəri, kəndli, feodal dövrdən miras qalan sosial münasibətlərlə insan haqlarını, qadın haqlarını, işçi haqlarını, heyvan və təbiət haqlarını inkişaf etdirmək olmaz.

– Məsələn, sizə görə bizi inkişaf eləməyə qoymayan, Avropa dövlətləri ilə eyni səviyyədə addımlamağa imkan verməyən hansı adətlərimiz var?

– Azərbaycanda qarışmış türk-fars kültürü var. Bunların yerinə Avropa mədəniyyəti oturmalıdır. Xürafi inanc sistemi ilə nə etmək olar? Adət-ənənələr tarix boyu ortaq inancın təsiri ilə şəkillənər, ağlın deyil. Avropada olduğu kimi, ağıl cahanşümül mədəniyyət təsis edər. Adət-ənənə ağıldan məhrum olan lokal inancın məhsuludur. Məsələn, mən Azərbaycan dövlətinin Məhərrəmlik əzadarlığı adət-ənənəsinə məhdudiyyət gətirməsini çox sevinclə qarşılayıram. Sosial məkanda baş yarmaq kimi adət-ənənələr qanunən suç sayılmalı və bu işi edənlər cəzalanmalıdır. Belə olmazsa, çirkin əski adət-ənənələr xortlamağa başlar və ölkədə yaşamaq olmaz, hamı başqa ölkəyə sığınmaq istər. Çünki bizim insanlığa lazım olacaq bir tək müsbət adət-ənənəmiz yoxdur.

– Bəs Finlandiyada necədir? Orada adət-ənənə yoxdurmu?

– Hüquq var. Adət-ənənə olsaydı, burada azad yaşaya bilməzdik. Adət-ənənə bizə haqq tanımazdı. Ənənə fərdə hüquq tanımaz. Fərdi özünə tabe edər. Necə ki, Avropadan insanlar gedib müsəlman ölkəsində yaşaya bilməzlər. “Gavur” deyə məsxərə edib, şəxsiyətsizləşdirərlər. İnanc mehvərli hökumətlərdə fərdi haqq yoxdur. Din, törə, inanc, adət-ənənə haqqı vardır, insan haqqı yoxdur. Baxın Türkiyəyə, Misirə, İrana… Yerli inanclardan, ənənələrdən iz qalmayıb. Bəs yerli xalqlar və dinlər haraya getdi? Hamısını silib-silişdirib yox etdilər. Sanki, bu ərazilər bomboş imiş. Belə bir tarixi şərtlər içində şəkillənən adət-ənənə başqa dinlərə, fərdi haqlara haqmı tanır? Tanımaz!

Finlandiya da sekulyar anayasaya sahibdir. Sekulyar anayasada fərd ləyaqətinə, iş bilgisinə və ixtisasına görə toplumda dəyər qazanar. Ənənəsinə, törəsinə və imanına görə deyil.

– Məsələn, Azərbaycanda toy adəti var. Elçi gedirlər. Qızın ata-anasını razı salırlar. Nişan olur. Sonra toy çalınır. Yalnız bundan sonra cütlük bir yastığa baş qoya bilər. Sizcə, bu adətin nəyi pisdir?

– Bunlar da revizasiya edilməlidir. Nə qədər insanların həyatının bədbəxt edildiyini bilirik. Bunlar da Avropa ölçülərinə uyğunlaşmalıdır. Avropada da insanların ailələri var. Ailə qururlarsa, onların görüşləri çox önəmlidir. Ancaq onların görüşləri sadəcə, tövsiyyə xarakteri daşıyar. Əngəlləyici olmaz. Çünki evlilik məsələsində ən önəmli olan iki şəxsin anlaşması və bir-birlərini tanımalarıdır. Anlaşıb və bir-birlərini tanımadıqdan sonra bütün ölkə razı olsa da, başarılı ailə qurula bilməz. Bu üzdən qızlara gələcək ərlərini tanıya bilmələri üçün fürsət verilməlidir. Həqiqət budur ki, bizim törələrimiz bu fürsəti heç vaxt verməmişdir və indi də vermir. Qismən oxuyub kültürü dəyişənlər istisnadır. Biz adət-ənənələrin mahiyyətindən danışırıq, istisnaları deyil.

Bizim adət-ənənələrin yemi xüsusilə bədbəxt qızların həyatlarıdır. Azərbaycan bir Şərq ölkəsidir. Rus istislasında qismən mədəniləşdi, keçmişi ilə bağları qopdu. Keçmişinin bataqlığında burxulub qalan xalqlar aydınlana bilməzlər. Adət-ənənələrinə bağlı qalarlar.

– Deyirsiniz ki, qızlara gələcək ərlərini tanıya bilmələri üçün fürsət verilməlidir. Bu fürsətin mahiyyəti nədən ibarətdir?

– Qadınlarla ilgili ənənəmizdə çox ayıb ifadələr var. Bizim və digər müsəlmanların törəsində qadın insan hesab edilməz. Xristianlıqda da elə idi. Qadına haqqı modern hüquq vermişdi. Xristianlıqda qızların “İncil”ə toxunmaları yasaq idi. Ancaq Qərb feminist qadınları çox şərəfli bir mücadilə apararaq haqlarını əldə etdilər. Müsəlman ölkələrində qadın hələ də bir əşya olaraq görülür…

– Məsələn, bizdə atalar sözü və məsəllər var: “Qız yükü duz yükü”, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin”, “Qızını döyməyən dizini döyər” və s. Bu ifadələrdə qadın aşağılanırmı?

– Əlbəttə, aşağılanır və bu kimi deyimlərin arxasında tarixi bir həyat tərzi durur və hələ də davam edir.

– Güntay bəy, sizcə, Azərbaycanda bakirəlik kompleksinin aradan qalxması üçün çoxmu zaman lazımdır?

– Bakirəlik məsələsinin mənim üçün çox da önəmi yoxdur. Çünki bakirəlik də qadın üçün bir əngəldir. Kişilər min oyundan çıxarlar, ancaq onların bakirəliyini ölçməyə heç bir ölçü olmaz. Ancaq məsələ sadəcə, bakirəlik də deyil. Bakirəlik məsləsinin bizim toplumdan tamamən çıxması üçün əlbəttə, çox zaman lazımdır. Çox qızların həyatı söndürüləcək. Çox qızlar bu üzdən intihar edəcək. Bunun üçün biz tamamən avropalaşmalıyıq. Qadınların təhsili, iqtisadi müstəqilliyi olarsa, onlar öz həyatları haqqında ən doğru qərarı verə bilərlər. Bir qız bakirəliyini hər yoldan keçənə verməz. Ancaq biz düşünərik və elə bilərik ki, qızlarımız, bacılarımız çox zəif insanlardılar.

Ancaq kimsəyə möhtac olmayan, öz gəliri, evi, işi və təhsili olan qadın özünə bir ər və ya kişi dostu tapmaq haqqına sahibdir. Çünki o, haqqında söylədiyim özəllikləri olan azad və müstəqil bir insandır. Belə bir insanın nə edəcəyinə özü qərar verməlidir.

– Siz də o fikirdəsiniz ki, qadına nə qədər qadağa qoyularsa, azadlığı nə qədər məhdudlaşdırılarsa, o qədər əxlaqsızlaşar?

– Bu məsələni ən yaxşı “Min bir gecə” kitabında minillər öncə anlatmışlar. Kitabın müqəddiməsi belə başlayır: “Bir ölkənin şahı başqa ölkədə şah olan kiçik qardaşının yanına getmək istəyir. Və carçılar şahın saraydan çıxdığını car çəkirlər. Şah isə qardaşına aldığı hədiyyəni unudur, səssizcə saraya dönüb hədiyyəni götürmək istərkən birdən pəncərədən gözləri həyətdəki hadisəyə sataşır. Görür ki, onun ən çox sevdiyi qadın sarayın hovzunda kölələrlə qrup sekslə məşğuldur. Şah heyrətdən nə edəcəyini bilmir. Səssizcə və pərişanca geri dönüb qardaşının yanına gedir. Kiçik qardaşı onun nədən pərişan olduğunu soruşur və deyir, ova çıxaq, bəlkə halın düzələr. O isə deyir, mənim həvəsim yoxdur, siz gedin, mən evdə qalıb dincələcəyəm. Bu dəfə də kiçik şah qardaşın adamları car çəkirlər ki, şah ova çıxır.

Sarayda sadəcə, böyük şah qardaş qalır. Sarayda qalan şah qardaş qalxıb pəncərədən baxarkən nə görsə yaxşıdır? Qardaşının qadınları sarayın hovuzunda kölələrlə qrup seks edirlər. Şah barmağını dişləyir. Qardaşı döndüyündə böyük qardaş öz qadınının etdiyini öncə anladır, daha sonra qardaşının da arvadlarının eyni işi etdiyini deyir. Ancaq kiçik qardaş inanmır.

Bir test edirlər. İki qardaş sarayda gizlənir. Başqa iki adamı şah paltarında ata mindirib car çəkirlər ki, şah ova getdi. İki qardaş pəncərədən baxır və sonra kiçik qardaşın qadınlarının qrup seksə başladıqlarını görürlər. İki qardaş dəli kimi olub ölkəni tərk edirlər, səhraya qaçırlar. Səhrada dənizin kənarında bir ağacın dibində otururlar. Dənizdən bir div çıxır. Divdən qorxaraq ağacın təpəsinə dırmaşarlar. Div ağacın kölgəsində oturub arxasındakı yekə sandığı açır və içindən çox gözəl bir qadın çıxır. Qadına deyir, ey mənim biricik gözəlim, sənə məndən başqa kimsə toxunmayıb. Sonra div qadınla sevişib yuxuya dalır.

Qadın divin yanında təkbaşına qalır və birdən gözü ağacda iki yaraşıqlı adama toxunur. Onlara işarə eləyir ki, enin aşağı, yoxsa divi oyadaram sizi parçalar. İkisini də soyundurur. İkisi ilə də sekslə məşğul olduqdan sonra barmaqlarındankı üzükləri çıxarıb boynundakı bir sapa düzür, deyir ki, bu, min bir və bu da min iki. Yəni bu qız sandıqda qala-qala min iki adamla sevişib.

Şahlar geri dönüb bütün qadınları öldürmək istəyirlər. Hər gecə bir qızın bakirəliyini alıb sabah öldürürlər. Sonunda Şəhrzad adlı bir qız min bir gecə və hər gecə qadın azadlığı və namusu ilə bağlı bir nağıl danışaraq şahı qadın öldürmə əməlindən vaz keçirir. “Min bir gecə” kitabı minillər öncə anladıb ki, qadınları əxlaqsız edən kişilərin onların azadlıqlarını yox etməsidir.

– Güntay bəy, bəs min illər öncə kişinin kişi ilə evlənməsi anladan bir kitab da olubmu?

– Kişinin kişi və qadının qadınla evlənməsi Avropanın bəzi ölkələrində qanuniləşib. Ancaq bu, o demək deyil ki, kişi ilə kişi evlənməlidir. Bu, bir istisnadır. Bəzi kişilər zahiri kişi, təbiəti qadındır, ya da əksinə. Minillər boyunca bu hadisə olmuşdur. Əsasən də Şərqdə. İndi də var. Bu cür insanlara toleranlıqla yanaşmaq cəmiyyətdə müsbət təsirlər oyadar.

Məsələn, Türkiyədə Hacəttəpə Tibb İnstitutu açıqlama verib ki, bozqır kişilərinin ilk cinsi təcrübələri heyvanlarla olur. Hətta Mövlana Cəlalləddin Rumi “Məsnəvi” əsərində də Şərq kişiləri və qadınlarının uzunqulaqla seks yapmaları haqda bilgi verib. İnsan hər hansı ehtiyacını normal ölçülərlə ödəməsə, onu pis yollarla həyata keçirməyə çalışar.

Kəramət Böyükçöl

mersin escort