Atam dövlət malını mənimsədiyi üçün sürgün edildi

(Əvvəli bu linklərdə

http://www.mustaqil.az/2017/11/04/qazaxistanli-r%C9%99fiq%C9%99l%C9%99rin-baki-mac%C9%99ralari-reportaj/,
http://www.mustaqil.az/2017/11/07/2043/,

http://www.mustaqil.az/2017/11/08/erm%C9%99ni-qadinlarla-yaxsica-%C9%99yl%C9%99ndik-sonda-is%C9%99/)

ardı

Şair Müzəffərə tərəf çevrildim, kirpiklərinin kənarında göz yaşları duz bağlamışdı. Son sözləri onu yenidən kövrəltdi. Əlinin arxası ilə gözlərinə “sığal çəkdi”, ağ ləkələr yoxa çıxdı. Özümə acığım tutdu, deyəsən, vaxtımı xoş keçirmək istəyim şairin hisslərini oynatmama hesablanıb. Nə olsun ki, o, hər şeyi ciddi qəbul edir…

– Şair, olar şam yeməyinə getməyək? Oturaq dəniz qırağında kabablayaq…

– Mənim dişimmi var kabablamağa?!

O zaman axşam birlikdə gəzintiyə çıxaq, söhbət edək, Rozadan da narahat olma. Onların hər ikisi qonağımızdır. Şeir yazmırsan, lap poema yaz, könlünə girə bilməsən, xeyri yoxdur.

Şair Müzəffər öz otağına getdi, mən isə həyətə düşüb hələ 5-10 dəqiqə gəzə bilərdim. Elə də etdim.

Axşam konsertindən sonra özüm Müzəffər kişini axtardım. Həyətdə domino oynayan tay-tuşlarına azarkeşlik edən qocalarla birlikdə idi. Məni görcək qaşı ilə işarə etdi ki, arxa tərəfə baxım. Bizim durduğumuz yerdən təxminən 50 metr aralıda bir neçə qadın durmuşdu. Roza və Dinara da orada idi.

Bu kişi düzəlməyəcək, deyə düşündüm.

– Şair, qumara gedib pozularsan, gəl gedək gəzək. Şair Müzəffər sanki elə bunu gözləyirmiş, dərhal kənara çəkildi.

Sahilə tərəf addımladıq. Sahilə tərəf deyəndə ki, sahil bizim gəzdiyimiz xiyabandan 400-500 metr aralıda olardı. Sakit bir guşə tapıb oturduq:

– Şair, öz həyatını danış görüm, nələr gördün bu dünyada…

– Mən gördüklərimin hamısını bura sığışdırmışam, – deyib qoltuğunda saxladığı kitabını göstərdi.

– Ağsaqqal adamsan, bayaq kitabını vərəqlədim, belə çıxır ki, sənin həyatın elə kefdə-əyləncədə keçib. Daha dolanışıq, yurd ağrısı, bala sevgisi, qərib durnaların harayı, vətən çöllərində, düzlərində ot-ələf qırpan qoyun-quzu, dəvə karvanı, Babəkin harayı, Koroğlunun nərəsi heç qəlbinin simlərini titrətməyib.

Uzun-uzadı çıxışım Müzəffərin xoşuna gəlmədi, deyəsən:

– Sən Allah, qurtar bu AzTV çıxışlarını.

Qolumu ağsaqqalın boynuna doladım, yaşlı ata balasına sığınır kimi mənə tərəf qısıldı.

– Səndə şeytan tükü var. Yaşın da az deyil, amma özünü cavan adamlar kimi aparırsan.

– Şair sənin yanında cavanam da… Düz 25 yaş kiçiyəm e səndən…
Başı ilə təsdiqlədi, dili ilə təsdiqini gücləndirdi:

– Ona görə günahlarına göz yumuram da, öyrənəcəksən.

Şair Müzəffəri axır ki, keçmişinə qaytara bildim. Keçmişini danış dedim, danışdı:

– Yetimçiliklə böyümüşəm. Anam gözəl qadın idi, atam isə güclə yadıma gəlir. Onu tutdular, göndərdilər Sibirə.

– Yəqin, repressiya qurbanı olub, siyasi baxışlarına görə tutublar…

Əlini dizimin üstünə qoyub sıxdı:

– Darqursaq olma… Nə repressiya?! Kolxozun malına, dövlət əmlakına xor baxmışdı. Kolxozun qoyunlarını oğurlayıb aparırmış aşağı rayonlara satırmış. Ferma müdiri işləyib əvvəllər. Qoçaq, qorxubilməz adam olub, yoxsa Sovetin malını dağıtmaq olardı?!

– Sovetin malını hamı dağıdırdı da, guya sənin dədən aparanda nə olacaqdı ki?!

– Yox, düz demirsən, Sovetin malını sonradan hamı dağıtmağa başladı, Sovet özünü urvatdan salandan sonra. O zamanlar camaatın həyətindəki qara milçəklərin də hesabı aparılırdı.

– Sən lağ elə…

– Əlbəttə, lağ edirəm… Amma deyim, bil, kimin həyətində milçək çox olarmış, qonşusu donos verərmiş ki, bu adam basıb dağıdır, yeyib tökür ki, “atxod”una milçək yığışır. Hə, bax, dədəmi basıblar gedib, bir daha qayıtmayıb. Anam böyüdüb məni, qardaşları, ata-anası da kömək edib. Anama çox yerdən elçi gəlib, amma ərini, dədəmi gözləyib.

– Dədən də ki unudub balasını…

– Dədəm “srok”unu çəkib qurtarıb, qalıb orda. Meşədə işləyib, odun qırıb, arvad alıb, uşaqları olub. Bunu sonradan bilib anam, artıq yaşa dolanda…

– Əvvəl bilsəydi, bəlkə də səni atasız böyütməzdi, kiməsə ərə gedərdi, düzdür?

– Yox, getməzdi. Mənim dədəm namərd çıxıb, amma o cür qorxu bilməyən kişinin yatağına başqa kişi ilə girməzdi…

– Ay şair, o vaxta yataq qalardı?! Dəyişəcəkdilər də, həm də bu gəlin köçəcəkdi axı…

Şair Müzəffər dilxor oldu, sonra həyat hekayətini davam etdirdi:

– Yetim uşaq necə böyüyərsə, elə böyüdüm. Boynu qısıq, ürəyi qırıq. Amma ac olmadıq. Məktəbə getdim, yaxşı oxuyurdum. Məni sənət məktəbinə qoydular, maşinist köməkçisi oldum, uzaq səfərlərə çıxdım, Sayuzu gəzdim. Günüm xoş keçdi. Yaxşı pul qazanırdıq. Axırı da belə…

Daha danışmaq istəmədi, susdu.

– A kişi, “axır belə” deyəndə nə olub ki, ailən, nəvələrin, burda da kefdəsən. Orta Asiyanı işğal edirsən, gözünü qadınlarından çəkmirsən.

Son sözlərim daha çox xoşuna gəldi. Əlini bu dəfə öz dizlərinə sürtdü. Qadınların bayaq söhbət etdiyi yerə boylandı, mən də baxdım, heç kəs yox idi…
Faiq Balabəyli

mersin escort