Susqun “Bank of Baku” yaxud vəkillik edən məhkəmə

“Fırıldaqçı Bank of Baku?” yazımdan sonra “dostlar” tərəfindən maraqlı “məlumatlar” aldım. Sən demə mənim “Bank of Baku” ilə çəkişməyim, hakim ailə ilə çəkişməyim kimi qəbul edilə bilər. Bu məlumatı ən azı bu səbəbdən qəbul edə bilmərəm ki, Azərbaycan xalqının bank girovuna çevrilməsi, Azərbaycan manatının dəyərdən salınması birbaşa Azərbaycan dövlətçiliyinə, dolayısı ilə hakimiyyətə qarşı törədilmiş bir təxribatdır və onlar heç vaxt bu təxribatın altına imza atmazlar. Çox təəsüfedici haldır ki, öz şəxsi mənafeləri üçün Azərbaycanı diz üstə çökdürmək istəyən qüvvələr Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə qarşı atmış olduqları addımları “hakim ailə” adı ilə sığortalamağa nail olurlar. Məqsədləri isə gələn ilki prezident seçkilərinədək onları tam nüfuzdan salmaqdır….

….Daha çox pul qazanmaq üçün edilmiş olan iki maxinasiya-devolvasiyadan sonra banklar “gizli, uçotdan kənar” bir neçə milyard qazansalar da, əhali, xüsusən banklara borclu olan əhali birdən-birə bank girovuna çevrildi. Əslində elə ilk maxinasiya-devolvasiya fırıldağı hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, bu maxinasiyada milyonlarla manat “qabağa” düşənlər həbs edilməli idilər. Bu edilmədiyi üçün “maxinatorlar” ikinci, daha böyük devolvasiya edərək, Azərbaycan manatını iki dəfədən çox qiymətdən saldılar. Necə ola bilər ki, Gürcüstan və Ermənistanda devolvasiya olmadı, amma Azərbaycanda bir ilin ərzində iki böyük devolvasiya oldu? Heç olmasa ikinci devolvasiyadan sonra bu suala hüquq-mühafizə orqanları cavab axtarmalı idilər. Amma sədd heyif ki, bizim hüquq-mühafizə orqanlarımız öz fəaliyyətlərini icra hakimiyyəti orqanının göstərişi əsasında qururlar. Amma bu maxinasiya-devolvasiya “zəkaları” bir şeyi hesablamamışdılar: ödəniş qabiliyyətsiz xalq nəinki dövlətə, hətta girovu olduğu banka belə problem deməkdir! Və bu problemi həll etmək istəyən banklar, ödəniş qabiliyyətsiz, lakin onların girovu olan xalqdan son damla qanlarını sovurmaq üçün məhkəmələrə üz tutdular. Məhkəmələr isə bankların vəkili rolunda çox məharətlə bu işə əncam çəkirlər. Yəni məhkəmələr əhalinin daha da borc girdabına sürüklənməsində bankların qulluğundadırlar Bunun başlıca səbəbi isə istənilən Qərarı “alqı-satqı” predmetinə çevirməklə, qazanc əldə etmək istəyinin olmasıdır…

Azərbaycan Respublikasının Ali Qanunu – Konstitusiyanın XIX maddəsi Azərbaycan ərazisində tədavüldə olan pul vahidinə aiddir. Gəlin birlikdə həmin maddəni bir daha nəzərdən keçirək:

Maddə 19. Pul vahidi

  1. Azərbaycan Respublikasının pul vahidi manatdır.
  2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. (əslində burada “aiddir” yazılmalı idi) Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətindədir.

III. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Göründüyü kimi Ali Qanunda Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinin qadağan olunması xüsusi vurğulanır. Ali Qanunun daha heç bir maddəsində “pul vahidi” və “ödəniş vahidi” ifadələri işlədilmir. Amma… Amma banklar bu Qanunu saya salmayaraq ödəniş vahidi kimi ABŞ dollarından istifadə edirdilər. Əslində buna onların ciddi səbəbləri var idi, çünki Mərkəzi Bank həmin banklara krediti məhz dollar ilə, daha doğrusu neft dollarları ilə, yəni sənin, mənim, onun, bizim, Azərbaycan xalqının pulu ilə verirdi ki, həmin neft pulları da məhz Mərkəzi Bankın səhv pul siyasəti, əslində milyonlar qazanmaq hərisliyi nəticəsində Azərbaycan xalqına xoşbəxtlik əvəzinə, bədbəxtlik gətirdi. Mərkəzi Bank rəhbərliyi “daha da çox qazanım” iştahasından əl çəksəydi və həmin neft pullarını banklara aşağı faizlə vermək əvəzinə, əhalinin sosial problemlərinin həllinə və ya xarici borcun ödənilməsinə sərf etsəydi, inandırım sizi ki, heç bir devolvasiya-maxinasiyaya ehtiyac olmazdı. Amma hərislik öz sözünü dedi, banklar bir gecədə milyardlar qazandılar, əhali isə həmin gecənin səhəri öz sərvəti olan neft pulunun girovuna çevrildi….

…Təbii ki, bütün gözlər Konstitusiya Məhkəməsinə dikilmişdi. Əhali artıq öz milli sərvəti olan neftin xeyrini istəmirdi, heç olmasa neft dollarlarının girovu olmamağı arzulayırdı. Bu arzular “zəncinin arzuları”ndan o yana keçmədi, çünki Konstitusiya Məhkəməsi Ali Qanuna zidd olaraq bankların xeyrinə qərar çıxartdı. Pis dillər deyirlər ki, banklar bu qərarı “almaq” üçün qabağa düşdükləri milyardlardan bir neçə milyon xərcləməli olublar. İndi gəlin Ali Qanunun bir neçə maddəsi ilə tanış olaq:

Maddə 71.

  1. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
  2. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Yəni ki, işdi-şayət Konstitusiya Məhkəməsi Ali Qanunun hər hansı bir bəndində “manatdan başqa digər valyutalar ilə də ödəniş etmək olar” cümləsinə, şükür ki, Ali Qanunda belə bir cümlə yoxdur, rast gəlsəydi belə, həmin cümləni Azərbaycan xalqının əleyhinə təfsir edə bilməzdi, amma Konstitusiya Məhkəməsi Ali Qanunun 71 maddəsinə zidd olaraq Ali Qanundan kənara çıxaraq, Azərbaycan xalqının bankların girovuna çevrilməsini rəsmən təsdiqlədi! Bir sözlə əhali öz milli sərvəti olan neftin “istisinə” qızına bilməsə də, “tüstüsünə” kor olmağa məhkum edildi.

Daha sonra Ali Qanunda oxuyuruq:

Maddə 147. Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi

  1. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

Amma görünəni o oldu ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik deyilmiş, malik olsaydı banklar əhaliyə krediti xarici valyuta ilə “sırımaz”, Konstitusiya Məhkəməsi də onların bu qeyri-qanuni hərəkətini sığortalamazdı.

Konstitusiya Məhkəməsinin qərarını “alan” banklar maxinasiya ilə mənimsədikləri neft dollarlarının onlara gətirdiyi milyardlara doymayaraq, əhalinin tam talan edilməsi istiqamətində “əməli addımlar” atmağa başladılar ki, bu işdə də yerli məhkəmələr onların qulluğunda “canla-başla” dayanırlar. Sanki bu neft dollarları bu xalqın əmlakı yox, bankların dədə mallarıdır. İndi mən durub desəm ki: “mən bu dollar kreditini ödəmirəm, çünki Azərbaycanda ödəniş ancaq manat ilə olmalıdır”, mənə dərhal Ali Qanunun 130-cu Maddəsinin IX bəndini göstərəcəklər, həmin bənddə isə deyilir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir…

…Çox maraqlıdır ki, yerli məhkəmələr bankların xeyrinə əmri cavabdeh şəxslərin iştirakı olmadan verirlər. Cavabdeh şəxs bir də onda ayılır ki, məhkəmə əmri icraata yönəldilib. Və maraqlı tərəfi də odur ki, bunu bilən banklar, daha doğrusu bu fırıldağı məhkəmələr ilə birlikdə düşünən banklar cavabdehə qarşı ağıllarına gələn məbləği iddia edirlər və məhkəmələr də heç bir araşdırma aparmadan bu məbləğin cavabdehin ödəməli olduğu barədə “rahatlıqla” əmr verirlər. Belə fakt ilə şəxsən özüm rastlaşdığım üçün bu qənaətə gəlmişəm ki, məhkəmələr “nəyə görə isə” bankların vəkili rolunda çıxış edirlər..

…Sumqayıt şəhər məhkəməsinin hakimi İlqar Məmmədov da bu cür “vəkillikdən” xari deyil. Bank of Bakunuin nümayəndəsi mənim sualıma cavab verməyə çətinlik çəkən zaman hakim dərhal müdaxilə edir, nümayəndənin əvəzinə sualları cavablandırırdı. Hansıdır həmin suallar?

  1. Niyə Bank of Baku məhkəmənin cavabdehsiz keçirilməsində maraqlı idi?

Hakim: Biz məhkəmə əmrini cavabdeh olmadan veririk, bu əmri vermək üçün cavabdehin iştirakı vacib deyil.

  1. Niyə məhkəməyə şişirdilmiş rəqəmlər təqdim etmisiniz?

Hakim: Rəqəmlərə qarşı pretenziyan varsa, iddia vermisən, işə təzədən baxırıq da.

Bu yerdə üzümü hakimə tutaraq dedim: Demək iddia verməsəydik 753 manat əlavə pul ödəməli idik?

Hakim: İddia verməsəydiz, demək bu rəqəmlə razısız və ödəməli idiz.

Bu yerdə özümü saxlaya bilməyib, ironiya ilə dedim: Möhtərəm hakim, indi mənə aydın oldu siz niyə Bank of Bakuya qarşı “məhkəməyə yalan məlumat vermə” maddəsi ilə istintaq araşdırması açmırsız, siz burada ədaləti qorumalı olan hakim kimi yox, bankın vəkili kimi davranırsınız…

…Hesab edirəm ki, burada da məhkəmədən “reportajı” saxlamaq olar, amma bir acı həqiqəti nə qədər tez dərk etsək, o qədər də çirkab girdabından çıxmağa şanslı olacağıq: nə qədər ki, hakimlər ədalətin yox, şəxsi marağın yanında olacaqlar, bu məmləkətə nicat yoxdur.

Bank of Baku ilə isə məhkəmə çəkişməmiz davam edir, çox guman ki, bu çəkişmə Avropa məhkəməsinəcən daşınacaq…

Rafiq Cəlilov

Araşdırmaçı-jurnalist

mersin escort