Dövlət agentliyinin sədri şadlıq evlərindən müəllif qonorarları tutulması haqda

Xəbər verdiyimiz kimi ötən ay Nazirlər Kabineti özünün 1997-ci ildə qəbul ediyi 38 saylı qərara dəyişiklər edib. Həmin qərar ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına  görə müəllif qonorarlarının ödənilməsi qaydalarını nəzərdə tutur. Yeni qərara əsasən şadlıq evləri və restoranlar ifa edilən musiqi əsərlərinə, mahnılara və ədəbiyyat nümunələrinə görə aylıq müəllif qonorarları ödəməlidir. Bu qonorar Bakı, Sumqayıt və Gəncə şəhərləri üçün 60 manat, qalan regionlar üçün 50 manat müəyyən edilib.

Habelə şadlıq evləri və restoran sahibləri toy məclislərində ifa edilən incəsənət əsərləri və ədəbiyyat nümunələri üçün hər toya görə tərtib edilmiş repertuar əsasında Bakı, Gəncə və Sumqayıtda 25, qalan regionlarda 20 manat ödəməli olacaqlar. Qərara əməl etməyənləri iri məbləğdə cərimələr, hətta inzibati işlərə məhkum edilmə cəzası gözləyir.

Virtualaz.org bu qərarın tətbiqi ilə bağlı Müəllif Hüquqları Agentliyinin izahını oxuculara çatdırıb, habelə şadlıq evləri işçilərinin məsələyə münasibətini öyrənib. Məlum olub ki, qərardan şadlıq evləri əsasən xəbərdardır, lakin onun tətbiqi mexanizmi ilə bağlı çaşqınlıq hökm sürür. Xüsusən də ifa olunacaq mahnı və ədəbiyyat nümunələrinin repertuarının tərtib edilməsi, qonorarların kim tərəfiindən ödənilməli olduğu məsələsində.

Saytımız tərəfindən bu mövzunun gündəmə gətirilməsi və ictimai müzakirəyə çıxarılması rezonansa səbəb olub. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri,  Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik Hüququna dair Müqaviləsinin Assambleyasının vitse-prezidenti,  professor Kamran İmanov redaksiyamızla əlaqə saxlayaraq məsələyə öz münasibətini bildirib, qərarla bağlı bəzi məqamların şadlıq evləri, restoran sahibləri tərəfindən düzgün anlaşılmadığını deyib.

K.İmanov əvvəlcə onu vurğulayıb ki, bu mövzunun mətbuatda müzakirəsi çox mühümdür və belə müzakirələr əqli mülkiyyət mədəniyyətinin formalaşmasına xidmət edir.

“Sizin saytınız mövzunu peşəkarcasına işıqlandırıb, müxtəlif mövqelərə yer verilib. Bu, əqli mülkiyyət mədəniyyətinin formalaşması baxımından mühümdür. Ancaq bəzi məqamlar barədə bir qədər geniş izahat vermək istərdim. Bildiyiniz kimi müəllif qonorarlarının ödənilməsi yeni məsələ deyil. Nazirlər Kabineti 1997-ci ildə qəbul etdiyi qərarını yeniləyib, indiki dövrün şərtlərinə, təkmilləşən qanunvericiliyə uyğunlaşdırıb. Və tamamilə təbiidir ki, “Müəllif  və əlaqəli hüquqlar haqqında” Qanunun həyata keçirilməsini nəzərdə tutan bu akt 20 il keçdikdən sonra müasirləşdirilməli idi”-Agentlik rəhbəri bildirib.

Kamran İmanov təsdiq edib ki, müəlliflərə qonorarların ödənilməsi məsələsi həm sadə vətəndaşlar, həm də iş adamları arasında bir çox sual yaradır. Nəticədə müxtəlif fikirlər meydana çıxır.

“Dünya praktikasına və milli qanunlara əsasən əqli mülkiyyət sahibləri öz əsərləri üzərində müstəsna hüquqlara malikdirlər. Əsərlərin ifa və dərc olunduğu andan etibarən əqli mülkiyyət sahiblərinin əsərlərin istifadəsi üçün qonorar tələb etməsi qanunla tənzimlənir.  Axı hər kəsə bəllidir ki, şadlıq saraylarında, restoranlarda ifa olunan keyfiyyətli musiqi marketinq komponentinin vacib tərkib hissəsidir. Yəni bu müəssisələr musiqi və mahnıların köməyi ilə müştəri cəlb edir, qazanc götürür. Və qonorarı da məhz gəlir əldə edən şadlıq sarayı və ya restoran sahibi ödəməlidir. Yəni  sahibkar əldə etdiyi qazancın çox cüzi bir hissəsini istifadə olunan əsər müəllifləri ilə bölüşməlidir”-professor İmanov deyib.

Bəs şadlıq evləri və ya restoranlar mərasimlərdə ifa olunan musiqi əsərlərinin repertuarını necə tərtib edəcək? Bu repertuar məclis əhli ilə necə razılaşdırılacaq?

Bu suallarla bağlı Kamran İmanov bildirib ki, sözügedən repertuar məclisdən əvvəl deyil, məclisdən sonra tərtib edilməlidir. (Nazirlər Kabinetinin qərarında repertuarın məclisdən əvvəl, yoxsa sonra tətbiq edilməli olduğu haqda heç nə deyilmirdi-red.)

Sitat: “Yəni toy məclisi, digər mərasimlər yekunlaşandan sonra müəssisə sahibləri həmin məclisdə hansı əsərlərin ifa olunduğuna dair repertuar, yaxud siyahı tərtib edəcəklər və bunu müəllif  hüquqlarını idarə edən, qonorar yığımını həyata keçirən yerli ictimai təşkilata göndərəcəklər. Göstərilən məbləğdə qonorarın ödənilməsi isə köçürmə yolu ilə reallaşır. Həmin təşkilat təqdim edilmiş siyahıya uyğun olaraq qonorarları müəlliflər arasında bölüşdürür”.

Agentlik rəhbərinin bildirdiyinə görə, digər vacib məsələ ondan ibarətdir ki, qonorar ödənildiyi halda söhbət milli və xarici əsərlər arasındakı ayrı seçkilikdən getmir. Qaydalar bütün əsərlərə aiddir, çünki qonorar yığan ictimai təşkilat Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Beynəlxalq (CISAC) qurumun üzvüdür və qayda bütün üzvlərə şamil edilir.

“Həmin qərarın özü və tətbiq edilmə mexanizmi çox şəffaf, sadə və ən əsası ədalətlidir. Əminəm ki, bu qərarın həyata keçirilməsinin həm mənəvi irsimizi yaradan və inkişaf edən müəlliflərin güzəranın yaxşılaşdırılmasında, həm sadə vətəndaşların zövqünün formalaşmasında, habelə sahibkar məsuliyyətinin artırılmasında böyük rolu olacaq”-Kamran İmanov bildirib.

Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri onu da deyib ki, qərar və onun tətbiqi mexanizmini, habelə müəllif qonorarlarının ödənilməsinin əhəmiyyətini və vacibliyini şadlıq evlərində, restoranlarda təbliğ etmək üçün xüsusi təlimat da hazırlanır.

“Bu təlimat geniş və izahlı olacaq, bütün suallara və narahatlıqlara cavab verəcək, çalışacağıq ki, təlimat incəsənət və ədəbiyyat nümunələrinin kütləvi ifa olunduğu bütün müəssisələrin məsul şəxslərinin masası üzərində olsun”-Kamran İmanov əlavə edib.

Müstəqil.Az

mersin escort