“Psixozu yaradan amil mətbuat deyil, situasiyadır”

Limunət Əmrahlı: “Mətbuat sadəcə sosial səhnədə baş verənləri içəridən çölə ötürən xəbərçidir”

“Nə ssenaristdir, nə rejissordur, nə də aktyor”


Son vaxtlar mediada yer alan və özündə zorakılıq ehtiva edən məlumatların ictimai psixoz yaratdığı ilə bağlı iddialar səslənməkdədir.

Maraqlıdır, qətllər, qəzalar, digər zorakılıqlarla bağlı informasiyalar doğrudan da belə bir problem yarada bilərmi? Həqiqətənmi medianın bu cür xəbərlərlə həddindən artıq “yüklənməsi” ictimai psixoza səbəb ola bilər və ya səbəb olur?

Müstəqil.Az bildirir ki,bunu Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı mediaya yönlik məlum ittihamı qəbul etmədiyini vurğuladı:

“Həqiqətən də XXI əsrin əvvəllərindən etibarən bütövlükdə Yer kürəsində insanların psixoloji vəziyyətində köklü dəyişmələr başlayıb. Bu vəziyyəti sosiologiya və psixologiya mütəxəssisləri kütləvi psixoz kimi qiymətləndirirlər. Gəlin özümüz fikirləşək. Hər gün mətbuatda müxtəlif hadisələr: intihar, cinayət, xəstəliklər və s. barədə informasiyalar yayılır. Onların çox az bir qisminin (xüsusilə yeniyetmələrin və əsəbi cəhətdən zəif şəxslərin) bu informasiyaların təsiri altına düşmə ehtimalı var. Əslində, psixozu yaradan amil mətbuat deyil, situasiyadır. Situasiyanı isə sosial şərait, siyasi, ictimai, sosial, psixoloji amillər yaradır. Hər bir situasiyada insanlar fərqli davranış nümayiş etdirirlər. Yəni, situasiyalarda şəxsi keyfiyyətlərindən asılı olaraq insanların davranışı da fərqli olur. Deməli, insanlarda psixoz vəziyyətinin yaranmasında mətbuat əsas deyil, ikinci, üçüncü, hətta dördüncü dərəcəli rol oynayır.

Mətbuat, baş verənlər barədə informasiyalar yaymaqla intihara, cinayətə, əxlaqsızlığa meyilli insanların şüurunda və altşüurundakı düşüncələri oyadır. Mətbu orqanlarının xəbər yaymaqda rəqabətdə olduqları bir dövrdə bunun qarşısını almaq mümkündürmü? Yaxşı olar mətbuatı günahlandırmaqdansa, insanların həyati təhlükəsizliyinin və sağlamlıqlarının qorunmasına, sosial rifahının yaxşılaşdırılmasına, cəmiyyətdə sosial ədalətin bərpa edilməsinə cavabdehlik daşıyan qurumlar öz vəzifələrinə məsuliyyətlə yanaşsınlar. O zaman qeyd etdiyiniz faciələrin sayı da azalar. Mətbuat hər insanın öz rolunu oynadığı bu sosial səhnədə baş verənləri içəridən çölə ötürən xəbərçidir. Nə ssenaristdir, nə rejissordur, nə də aktyor”.

Müstəqil.Az

mersin escort