Doğmalar da ögey, vətən də ögey – Afaq Şıxlı

ÖZGƏ
Gedərsən, kimsə yox tuta qolundan,
Bəxtin də yorulub yaralı düşər.
Taleyin ulduzu sapar yolundan,
Qismətin özündən aralı düşər.
****
Adını yazarlar özgə ünvana,
Doğma arzuların gözündə qalar.
Səni öz bətnində saxlayan ana
Alsa, sorağını özgədən alar.
****
Sevgiylə qanını qanına qatsan
Kimsə sevə-sevə çəkməz adını.
Bilməzsən doğmasan, yoxsa ki, yadsan,
Sənə çox görərlər öz soyadını.
 ****
Lap elə uğruna canını versən,
Bir kimsə səninçin keçməz ki candan.
Bir ayrı yerin var, bir ayrı yersən,
Ayrısan dünyaya gəldiyin andan.
 
****
Dərdlərin gizlicə işlər dərinə,
Sönərsən qarışıb yağışa, qara.
Düşmüsən zamanın elə yerinə
Nə yaxına yol var, nə uzaqlara.
 ***
Qarışıq salınıb bəxtində hər şey,
Neyləsin tufana düşən bir ada? –
Doğmalar da ögey, vətən də ögey,
Daha sığınası yer yox dünyada!

mersin escort