Şəhidin həyat yoldaşı: “Ərimdən sonra mən də…”

Gəncədə, hospitaldaydım. Hospitalın orta yaşlı şəfqət bacısı əlimdə tutduğum çantaya baxıb:

– Bunlarla olmaz, – dedi. – Gərək xəbər edəm, sonra.

– Xəbər edin, bu gün bayram günüdür və mən də xəstəyə baş çəkməyə gəlmişəm, – dedim.

Qadın kiməsə zəng vurdu:

– Doktor, Yaşaroğlunun yanına gələn var, dərman alıb gətirib, bir də sovqat, buraxım? – bir qədər dinlədikdən sonra “baş üstə, doktor” deyib mənə tərəf döndü: – Sən incimə, həm də valideyni deyilsən, atasının dostusan, burada xəstəyə hər şey verilir, kənardan heç nə olmaz, – dedi.

– Dərmanları, mazları elə həkim özü yazıb verib, görünür, hər şeyin içində bunlar yox imiş.

Sənin əsgərin yuxulayıb

Zarafat etdim və orta yaşlı, keçmişinin çox yaraşıqlı olması bugünkü halından da bilinən şəfqət bacısının nişan verdiyi otağa keçdim:

– Sən, qardaşımsan, bir az gözlə, çağıraram gələr. – Kimisə hayladı.

– Bayaq isti su verdiyimiz əsgərə de, yanına gələn var.

İkinci mərtəbədən gələn səs xəstə əsgərlə görüşümün gec baş tutmasından xəbər verdi:

– Yazıqdır axı, Mahirə xala, o uşaq neçə gündür yatmır, indi yuxuya gedib…

Açıq qapıdan adına Mahirə xala deyilən qadının günahkar təbəssümü içəri “daxil oldu”.

– Sənin əsgərin yuxulayıb…

– Qoy yatsın, xanım, mən gözləyəcəm.

– Burda olmaz axı!

– Neynək, bayırda gözləyərəm.

Durub çıxmaq istədim. Şəfqət bacısı nə isə fikirləşdi:

– Eybi yoxdur, gözlə, onsuz da bayramdır, valideyinlərin xəstəni yoluxmasına icazə verilib, – deyib çəkildi.

Bir neçə dəqiqədən sonra əsgər parçında çay gətirdi:

– Sən incimə… Bura hərbi hissədir axı!

Ayıbdır, nəyə gərəkdir, olmaz

Xanımın qonaqpərvərliyinin qarşısında bayaqdan ovcumda saxladığım 5 manatlığın az olmasını düşünürəm, amma imkan tapıb yaxası açıq xalatın yan cibinə ehmalca uzadıram.

– Ayıbdır, nəyə gərəkdir, olmaz, – etiraz edir və bayıra çıxmaq istəyir, qapının kandarında ayağını saxlayıb deyir: – Yenə də çay istəsən deyərsən!

Təşəkkür edirəm və doğurdan da kədərli olan xanımla söhbət etmək istəyirəm:

– Amma, yaman yorğun görünürsüz, elə bil səhərə qədər daş daşımısız..

Sözümə bənd imiş, gəlib qarşıdakı çarpayıda oturur:

– Sakir vaxtdır, onsuz da heç kəs gəlməz, – deyir.

Sonra ayağa qalxıb özü üçün də çay gətirir.

Haralı olduğumu soruşur. Yerimi-yurdumu bildikdən sonra bizim tərəflərin adamları haqda xeyli xoş sözlər deyir. Sonra bir qədər əvvəl verdiyim sualın üstünə gəlir:

– Yox, qardaşımsan, yorğun deyiləm. İşimin adı nədir ki! Bu əsgərlər öz balamdır. Bəzən sanitar kimi altlarını da təmizləyirəm, yatacaqlarını dəyişirəm, fidan balalardır. Çətinlik görməyiblər, infeksiya tapıblar, düşüblər, 5-10 günə sağalıb gedirlər. Mənim mayam belə yoğrulub, əzab çəkmiş adam kimiyəm, – deyib çayından içir.

Tez əsgər üçün gətirdiyim şirniyyatdan stolun üstünə qoyuram. Çarpayıdan irəli dartılıb konfetin birini götürür, kağızını açıb dörd qatlayıb xalatının cibinə qoyur. Konfet ağzında bir qurtum çaya əriyir, ikincisini, üçüncüsünü eyni qayda ilə açır…

O qədər qan-qada gördüm ki…

Hiss etdim ki, danışmağa maraqlıdır:

– Dərdli adama oxşayırsız…

-Burada işləyənin dərdi olmaz? O qədər qan-qada gördüm ki! İndi, Allaha qurban olum, sakitlikdir. Əsgərlər xəstələnir, soyuqdəymədən gəlir bura, əvvəllər isə yaralılar gələrdi. Bax, bu ürək ki, dözüb bu vaxta qədər, demək yalandır ki, ətdəndir. İnsanın ürəyi tamam başqa materialdan hazırlanıb.

– Mahirə bacı, danış gördüklərindən, müharibənin acılarından..

– Mən buralı deyiləm ki! Müharibə vaxtı könüllü cəbhəyə gəldim. Vuruşlarda iştirak etdim. Özüm Bakıda işləyirdim, yaxş dolanışığım da vardı.

Minaya düşdü, parça-parça olmuşdu

– Gəlməyə də bilərdin…

– Yox, qardaşım, gəlməsəm olmazdı. Düzdür, iki uşağım vardı. Azyaşlı idilər. Böyüyü 1-ci sinfə gedirdi. Qoydum qaynanamın yanına, gəldim yoldaşımın qisasını almağa. Yoldaşımı “oblova” vaxtı tutub gətirmişdilər. Yolda maşını saxlayıblar ki, bəs, kimin cibində nə varsa versin, düşsün qaçsın. Bir neçə nəfər elə edib. Yoldaşımın pulu az olub, deyib, gedim, evdən verərəm, razı olmayıblar. Gətiriblər Ağdama. Ağdamda isə yaralıları, meyitləri görəndə, deyir, özümə nifrət etdim ki, niyə qaçmaq istəmişəm. 8 ay vuruşdu. 3 dəfə gəldi evə. Sonra minaya düşdü, parça-parça olmuşdu. Gətirdilər, basdırdıq. 7-sini verib gəldim onun vuruşduğu hərbi hissəyə. Qardaşımsan, başıma çox bəlalar gəldi…

Mən onun meyitini gözlərimlə görmədim

– Yoldaşının qisasını aldınmı, heç olmasa.

– Nə bilim vallah, məni qoymadılar əməliyyatlarda iştirak etməyə, yaralılara baxırdım, imkan tapıb əsgərlərin yeməyini bişirir, paltarlarını yuyurdum.

– Hər halda çoxlarının etmədiklərini etmisən..

– Mən yoldaşımı çox istəyirdim. İndi də onunlayam elə… Axı mən onun meyitini gözlərimlə görmədim, bir bağlama ət gətirmişdilər ki, bu sənin ərindir. Qayınatam dözmədi, 3 ay yaşadı, bağrı çatladı. Qayınanam yaşadı, indi də durur, “nəvələrim üçün yaşayıram” deyib dözdü. O da inanmadı Aslanın ölümünə. Deyir, yəqin əsir düşüb, sağdır. Amma yox, o minaya düşmüşdü. Tək olmamışdı axı, yanında əsgər yoldaşları varmış, kəşfiyyata gediblərmiş.

Guya məni komandir aşağada saxlayır ki…

– Qadınlarımız vardı, döyüşürdülər, sənin arxada qalmağına münasibət necə idi?

– Hamısında kişi təpəri vardı. Düzdür, aralarında yava gəzənləri də vardı, amma onlar da seçdikləri əsgərlə, ya zabitlə oturub, dururdular. Qalanları isə qardaş, bacı kimi baxırdılar. Mənə münasibətə gələndə isə pis deyildi. Düzdür, bir dəfə qulağıma çatdı ki, guya məni komandir aşağada saxlayır ki, özü üçün istifadə etsin, amma bu belə deyildi. Komandirlərimiz də, əsgərlərimiz də kişi idilər, əsl kişi…

– Amma, hər halda od olmasa tüstü çıxmazdı, – zarafatıma zarafatla cavab verdi:

– Nə od, nə tüstü! Mən qadınlığımı ərimlə birgə basdırdım. Heç vaxt qadın kimi özümü hiss etmədim. Həm də hər gün ölən, yaralı gördüm, bu zaman elə şeylərmi yada düşürdü?!

Sən demə ərimin çarpayısında yatırmışam

– Mahirə xanım, bax, müharibə bitməsə də, artıq neçə ildir, atəşkəsdir, Bakıya qayıda bilərdin, balalarının yanına.

– Hə qayıda bilərdim. Amma bir dəfə yaralanmışdım. Yaram yüngül idi, məni bura, hospitala gətirdilər. Qardaşımsan, uzandığım çarpayıda elə rahat yatırdım ki, ərimi yuxuda görürdüm. Görürdüm durub başımın üstündə, saçımı sığallayır, “yorulmusan” soruşur? Bura mənim “koykamdır” deyirdi, hiss etmirsən? Dururdum, hey ağlayırdım. Bir sanitar qadın vardı. Ona danışdım dərdimi, yuxularımı, dedim ki, ərim yuxuma girir. Ərimin şəhid olduğunu dedim. Şəklini göstərdim qadına. Baxdı və ağladı. Sabahı bir şəkil gətirdi. Yaralı əsgərlərlə birlikdə həkimlər və sanitarlar vardı. Aslan da onların arasında idi. Sən demə, ərimin vaxtı ilə müalicə olunduğu palataya düşmüşəm, onun çarpayısında yatırmışam. Elə ona görə də yuxuma girirmiş. Sağalandan sonra hospitalın rəisindən xahiş etdim, məni burada işə götürdülər. Onun yatdığı çarpayıda yatıram. Evim də var. Aparmışam evə həmin çarpayını.

Oturduğumuz palataya digər iki şəfqət bacısı da daxil oldu. Mahirə xanımın sifətinə baxıb, başlarını buladılar:

– Xala üzüləcək e… Nə qədər danışmaq olar.

Mahirə xanım göz yaşlarını sildi. Üzümə baxaraq iş yoldaşlarına müraciət etdi:

– Heç bilmirəm, necə oldu danışdım. Axı sizə də söz vermişdim ki, danışmayacam.

– Burda nə var axı, qoy danışsın, bu elə bir mövzudur ki, danışmaqla bitib tükənməz, həm də paylaşdıqca yüngülləşər.

Şəfqət bacılarından nisbətən cavanı çaylarımızı təzələdi. Mahirə konfet olan zəmbilə əlini saldı, bir neçə konfet götürdü.

Mövzunu dəyişdim.

Ermənin yaralarını sarıdım, gözlərinə baxmadım

– Heç erməni ilə üz-üzə gəldinmi?

– Bir neçə dəfə görmüşəm. Əsgərlərimiz əsir götürmüşdü. Mən onların yaralarını sarıdım, gözlərinə baxmaq istəmirdim. Necə də olmasa insandır, gözlərindəki ağrı hissini, qorxunu, yalvarışı görüb nifrətim azala bilərdi. Amma uşaqlarımız yalvarırdı ki, onları incidim, dostlarımızı öldürüblər. Əlim gəlmirdi. Özlərini həyasızcasına aparanları da olurdu, yazıq görkəm alanları da…

Şəfqət bacısılarından biri otağa daxil oldu:

– Sizin xəstə yuxudan durub, düşür aşağa.

Bir azdan dostumun oğlu otağa daxil oldu. Mahirə xanım və digər iki şəfqət bacısı çıxdı. Görüşdük. Hal-əhval tutdum:

– Necəsən?

– Ayaqlarım ağrıyır. İndi yaxşılaşır. Faiq əmi, dərmanları gətirdin?

– Hə, gətirmişəm.

Əsgər çantaya baxdı:

– Konfetdə almısız ki! Atama dedim axı, heç nə lazım deyil, bəs bu 5 manatlıq nədir konfetin içində?

Sən demə Mahirə xanım konfet götürəndə cibinə qoyduğum pulu əsgərin sovqatına əlavə edibmiş….
Faiq Balabəyli

mersin escort