Ermənistan Rusiyadan yenə “İsgəndər”lər alır?

Xəbər verildiyi kimi Ermənistan Rusiyadan silah almaq üçün 100 milyon dollarlıq yeni güzəştli kredit müqaviləsi imzalamağa hazırlaşır. Müdafiə naziri Vigen Sərkisyan deyib ki, həmin kredit silahlı qüvvələrin “strateji çəkindirmə təyinatlı silahlarla” təchizatına sərf olunacaq.

Ermənistan 2015-ci ildə Rusiyadan 200 milyon dollarlıq güzəştli kredit hesabına silah-hərbi texnika almaq barədə müqavilə bağlayıb və son məlumatlara görə hələlik bu müqavilənin üçdə biri həcmində silahlar Ermənistana çatdırılıb. Müqavilənin müddəti bu ilin sonunda başa çatır.

Bəs Ermənistan Rusiyanın verəcəyi 100 milyon dollar güzəştli kredit hesabına bu ölkədən daha hansı silahlar almağa hazırlaşır? Xüsusən də müdafiə nazirinin dediyi kimi “strateji çəkindirmə təyinatlı” silahlardan söhbət gedirsə.

Bu məsələ Rusiya mətbuatında da müzakirə olunur, Rusiya hərbi ekspertləri Ermənistana daha hansı silahların satılacağı ilə bağlı təxminlərini irəli sürürlər. “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalının baş redaktoru İqor Korotçenko bildirir ki, söhbət Ermənistana hərbi əməliyyatlar teatrında çəkindirici effekt yaradan silah sistemlərindən gedir.

“Bunlar reaktiv yaylım atəşi sistemləri, ağır odsaçan sistemləri, operativ-taktiki raket kompleksləri, rabitə vasitələri, radiolokasiya mübarizə vasitələri və kəşfiyyat sistemləri daxildir. Yəni bu silahların verilməsi Ermənistan ordusunun zərbə gücünü möhkəmləndirə və rəqib üçün çəkindirici rol oynaya bilər”-Korotçenko deyir.

Rusiyalı hərbi ekspertin fikrincə Rusiyanın verəcəyi yeni kredit Ermənistan ordusunun strateji çəkindirmə vasitələrinə olan tələbatını ödəməyə kifayət edəcək. “100 milyon dollar bu məqsəd üçün yetərlidir, əgər Ermənistan rəhbərliyi silahlı qüvvələrin effektiv hərbi-strateji planlaşdırmasını həyata keçirə bilsə. 1 milyard dolları qeyri-effektiv xərcləməkdənsə 100 milyon dolları effektiv xərcləmək yaxşıdır”-Korotçenko deyir.

Digər hərbi ekspert, “Military Russia” portalının baş redaktoru Dmitri Korneyev isə hesab edir ki, 100 milyon dollarlıq kredit çərçivəsində Ermənistana taktiki raketlər veriləcək.

“Məlumdur ki, Ermənistan ötən il Rusiyadan bir neçə “İsgəndər” operativ-taktiki raketləri alıb. Onları Yerevanda hərbi paradda nümayiş etdiriblər. Söhbət bir batareyadan-iki buraxılış qurğusundan, iki nəqliyyat-doldurucu maşından gedir. Bu yoxlama məqsədli idi. İndi isə Yerevanda belə görünür ki, “İsgəndər” raketlərindən ibarət bütöv hərbi birləşmə-ya raket diviziyonu, ya briqadası formalaşdırmaq istəyirlər. Yəni onlar yenə də bu sistemlərdən ala bilər. Bundan əlavə döyüş komplektini müxtəlif təyinatlı raketlərlə və digər avadanlıqlarla artıracaqlar”-ekspert bildirir.

 

 

Rusiyanın 200 milyon dollarlıq güzəştli kredit hesabına Ermənistana verəcəyi, yaxud verməli olduğu silahların çoxu köhnədir, lakin bunların arasında nisbətən yeni olan “Smerç” reaktiv yaylım atəşi sistemləri və “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri də yer alır. “İsgəndər” raketlərini isə Ermənistan həmin kredit müqaviləsindən kənar, “öz büdcə vəsaiti hesabına” alıb. Ermənistanda inanırlar ki, “İsgəndər” raketlərinin nisbətən köhnəlmiş, Rusiya ordusunun silahlanmasından çıxarılaraq “İsgəndər-M”-lərlə əvəzlənmiş “İsgəndər-E” versiyası Azərbaycan üçün çəkindirici amil olacaq.

Lakin virtualaz.org bundan əvvəlki təhlillərində də yazıb ki, həmin raketlər Ermənistanda ötən ilin aprel hərbi əməliyyatlarından əvvəl yerləşdirilmişdi, Azərbaycan isə bundan xəbərdar idi. Və həmin raketlər Azərbaycan ordusunun düşmənin müdafiə xəttini iki istiqamətdə darmadağın edərək irəliləməsində “çəkindirici rol” oynamadı.

Digər tərəfdən Azərbaycan İsraildən dünyanın ən qabaqcıl raketdən müdafiə sistemlərini alıb və almaqdadır. Həmin sistemlərin köməyi ilə strateji obyektlərin ən müxtəlif təyinatlı raketlərdən çoxpilləli müdafiə sistemi yaradılıb. Müdafiə naziri Zakir Həsənov bir neçə ay əvvəl Rusiya mətbuatına müsahibəsində əminliklə bəyan etmişdi ki, Azərbaycan “İsgəndər” raketlərinə qarşı müdafiə sistemləri qurub. “Biz inanırıq ki, strateji obyektlərimizi bu raketlərdən qoruya biləcəyik”-nazir bildirib.

 

 

Azərbaycan raket hücumlarından çoxpilləri müdafiə sistemləri yaratmaqla bərabər 300 km mənzilli, taktiki-texniki göstəriciləri “İsgəndər” raketlərinə yaxın olan “Polonez” raket sistemlərini Belarusdan almağa çox yaxındır. Artıq müvafiq müqavilənin bağlandığı və ilkin ödənişin edildiyi bildirilir. O cümlədən Azərbaycan ordusu müxtəlif ölkələrin istehsalı olan çoxsaylı reaktiv yaylım atəşi sistemlərinin və uzaqvuran artilleriya qurğularının hesabına böyük zərbə gücünə malikdir. Hansı ki, həmin zərbə gücü Ermənistanın əldə etdiyi “İsgəndər” raketlərinin zərbə gücü ilə müqayisə olunmaz dərəcədə böyükdür.

Ola bilsin Rusiyada bunu nəzərə alaraq Ermənistana daha bir neçə “İsgəndər” kompleksləri vermək istəyir ki, hərbi tarazlığı hansısa formada bərpa etsin. Nəticədə durmadan silahlanan Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarmaq niyyətinə düşməsin. Rusiya Ermənistanı güzəştli qiymətə silahlandırmaqla elə situasiya yaratmağa çalışır ki, müharibə faktiki olaraq mümkünsüz görünsün. Hansı ki, Rusiya XİN-i və digər rəsmiləri öz bəyanatlarına buna dəfələrlə açıq eyham vurublar.

Müstəqil.AZ 

mersin escort