Tarix müəllimi

(Əli Kərimə)
 
Xəzərin qucağına sığınan
bir ovuc kənd
əl açıb dənizdən
torpaq dilənir.
 
Dəniz torpaq yerinə
laylay deyir dalğalarıyla
Yatırdır bir ana kimi.
Bizə qul olmağı anamız öyrətdi!
İstiyə, aclığa,ya da qandal kimi bələyə
etiraz eləyib ağlayanda,
bir ana laylasıyla susdurulduq
köləliyə xoş gəldin deyib.
 
Sayır şagirdim müqavilələri
İmperyalist qardaşlarının “mərhəmətini”
“Azərbaycan bölüşdürüldü!
Bölüşdürüldü!…”
əl uzadıb dağları göstərir…
– Qafqaz sıra dağları
bir az baş daşlarına oxşayır
bircə yazısı çatışmır:
“Burda bir xalq uyuyur…
Torpağın üstündən əli üzülüb,
Torpağının altının səsini duyur…
Tarım çəkilmiş neft boruları
Atamın təzyiqli damarlarına bənzəyir.
Ürəyinə qayıtmırsa,
bəs, hara axır bu qan?”
 
Sayır torpaqların işğal tarixini:
“ölərəm, əldən getsə vətən” deyənlər
uzunömürlü kimi təqaüdə düzüldülər
işğaldan sonra.
 
Heç vaxt keçmədim o sinifdə
2011-in “ərəb baharını”.
Bilirdim,
O, həmin il
anasını itirdiyini xatırlayacaq.
Hələ də uğuldayır qulağımda:
Anamda xərçəng çıxanda
Bütün xərçənglərə yalvarmışdım dəniz kənarında
“ özünüzdən olanı aparın, gedin” deyə.
 
Bu gün qonaqlarımız Tanrılardı.
Məbədə çevrilər otağı
Qonaqlar Ra, Anubis, Osiris…
Bu qədər tanrı necə uduzdu
bir islam Allahına?!
 
Şagirdlərimi gözlərindən tanıyıram
Oxumuşam gözlərində
tarixi də, saflığı da.
-Bu gün dərsimiz 20 yanvar…
– Bəs, demədilər o gecə qorxar uşaqlar güllə səsindən?!
 
Erməni əsgərləri irəliləyir
Mərmilər partlayır
Xocalıda qətliam olacaq.
613…
Elə bu yerdə
dayanın deyə
Təngənəsfəs bir uşaq qaçıb
vurur tənəffüs zəngini
beləcə bitirir müharibəni…
 
Yenə gecikir maaş
evdən çıxanda
anamının dualarını qoydum cibimə
yolpulu əvəzi.
 
Əlini atar cibinə tarix müəllimi,
cibi ürəyindən vurar,
ürəyi cibində vurar.
eranın əvvəlləridi cibindəki manatın sayı.
Sən çətin çatasan 1501-ə, 2017-yə.
 
Alın yazısı itkin düşən şagirdin…
Oxunar gözlərində:
“Canavar südünə
susayıb dodaqlarım
Ergenekondan bəri ilk dəfə
belə yalnızam, azam, çox azam!
 
…Qonşumuzdakı Bahadır dayı
bir əlini Berlində itirib
hələ 1945-də.
Qocalıb indi bütün bədənini gəzir qırışlar.
Gəzib hər yerini axtarıb tapıb
bircə tapa bilmir həmin əlini.
O qırışların o əli axtardığı,
o əlsiz darıxdığı kimi özlədim səni, Vətən!..”
 
Və minalanmış ərazidir tarix
yerini unutsan…
Emin Piri

mersin escort