İrəvana daha bir zərbə: təcrid davam edir… – Millət vəkili

Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, geostrateji baxımdan da olduqca mühümdür.

 

Bu sözləri Müstəqil. Az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Türkiyə ərazisindən Qərbə doğru yeni strateji marşrutun açılması Orta Asiya respublikaları arasında iqtisadi müttəfiqliyi daha da gücləndirəcək:

 

“Bakı-Tiflis-Qars dəmir yolu layihəsi bütövlükdə regionu birləşdirərək bölgənin inteqrasiyasına yol açır. Tarixi İpək Yolunun davamı olan BTQ Cənub-Şərqi Asiyadan Avropaya qədər uzanan iqtisadi halqanı yenidən bərpa etməklə qlobal layihə rolunu bir daha təsdiqlədi. Bundan başqa, layihə sözün əsl mənasında nəqliyyat dəhlizi üzərində olan çoxsaylı dövlətlərin iqtisadi əməkdaşlığı üçün səmərəli platforma yaratdı. Bu baxımdan Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin reallaşmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, geostrateji əhəmiyyəti də böyükdür. BTQ işğalçı Ermənistan ətrafında siyasi və iqtisadi təcridetməni daha dərinləşdirir. Hesab edirəm ki, Bakının bu uğuru İrəvanı daha da zəiflətməklə faktiki olaraq onu regionda baş verən iqtisadi və siyasi proseslərin autsayderinə çevirir”.

 

Millət vəkili qeyd edib ki, böyük iqtisadi göstəricilər vəd edən layihənin reallaşması həm də Naxçıvanın Ermənistanın blokadasından çıxarılması istiqamətində irəliləyiş deməkdir:

 

“Bu dəmir yolu Qarsdan Naxçıvana qədər uzanmaqla Azərbaycanın ayrılması hissəsi olan bu bölgənin inkişafına və Türkiyə ilə Azərbaycan arasında körpü rolunu oynamasına yeni imkanlar yarada bilər. Bütövlükdə Bakı-Tiflis-Qars dəmir yolu xətti mühüm iqtisadi, maliyyə mühiti yaratmaqla bərabər, regionda qlobal kataklizmlərdən qorunmaq üçün siyasi sabitlik çətiri formalaşdıracaq”.

 

Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti ötən gün istifadəyə verilib.
Müstəqil.Az

 

mersin escort